Tərəfdaş peşə təhsil mərkəzlərinin heyəti üçün “Təşkilati inkişaf” mövzusunda təlim keçirilib
2-5 dekabr 2025-ci il tarixlərində Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzi və İqtisadi Zonaların İnkişafı Agentliyi (İZİA) nəzdində Peşə Təhsil Mərkəzinin heyəti üçün “BBP Azərbaycan” ikili texniki peşə təhsili və təlimi layihəsi çərçivəsində Almaniya Federativ Respublikasından dəvət olunmuş mütəxəssis tərəfindən “Təşkilati inkişaf” mövzusunda təlim keçirilib.
Təlim çərçivəsində təşkilati strukturun gücləndirilməsi, effektiv komanda işi, daxili kommunikasiya, qərarvermə mexanizmləri, əməkdaşlıq proseslərinin təkmilləşdirilməsi, habelə özəl sektorla qarşılıqlı əlaqələrin inkişafı kimi mövzular müzakirə olunub.
İnteraktiv metodlar, qrup işləri və praktiki tapşırıqlar vasitəsilə iştirakçılar təşkilati inkişafın təhsil müəssisələrinin dayanıqlı fəaliyyətində rolu barədə ətraflı məlumat əldə ediblər. Təlimin əsas məqsədi tərəfdaş peşə təhsil mərkəzlərinin institusional potensialının gücləndirilməsi və müasir idarəetmə yanaşmalarının tətbiqinin təşviq edilməsi olub.