"Bacarıqların və əməkdaşlığın gücləndirilməsi: Özəl sektorun inkişafı üçün Azərbaycan–Almaniya bilik mübadiləsi" mövzusunda vorkşop keçirilib.

9 aprel 2026-cı il tarixində Alman-Azərbaycan Xarici Ticarət Palatası (AHK Azerbaijan) və Bildungswerk der Baden-Württembergischen Wirtschaft e. V (BiWE) təşkilatının əməkdaşlığı çərçivəsində "Bacarıqların və əməkdaşlığın gücləndirilməsi: Özəl sektorun inkişafı üçün Azərbaycan–Almaniya bilik mübadiləsi" mövzusunda vorkşop təşkil olunub. Tədbirin açılışında AHK Azərabaycanın İcraçı direktorunun müavini Aytekin Sirajzade seminarın məqsədi, gündəliyi və gözlənilən nəticələri barədə məlumat verib. Seminar çərçivəsində Biwe Qrupun İcraçı direktoru və Südwestmetall şirkərinin Siyasət, Təhsil və Əmək Bazarı üzrə İdarə heyətinin sədri Stefan Küpper BiWE Qrupun fəaliyyət istiqamətləri, xidmətləri və iş sahələri barədə təqdimatla çıxış edib. Daha sonra BiWE Qrupun Beynəlxalq layihələr üzrə meneceri Astrid Lommek və Azərbaycan üzrə Layihə meneceri Mehmet Çakar təşkilatın beynəlxalq tərəfdaşlıqlar və layihələr üzrə təcrübəsini təqdim edib, layihələr çərçivəsində əldə olunmuş təcrübə və nailiyyətlər barədə məlumat verib. Tədbirin növbəti hissəsində Azərbaycan Respublikasının Dövlət Məşğulluq Agentliyinin Peşə hazırlığı şöbəsinin müdiri Namiq Məmmədov ölkədə əmək bazarının mövcud tendensiyaları, bacarıq çağırışları və ixtisasartırma ehtiyacları barədə danışıb. Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) Rəqəmsal İqtisadiyyat şöbəsinin müdiri Xəyalə Fətullayeva rəqəmsal iqtisadiyyatda insan kapitalının roluna toxunub. KOBİA-nın İdarə Heyəti sədrinin müşaviri Zaur Qardaşov isə kiçik və orta sahibkarlığın inkişafı, müəssisələrin fəaliyyəti və peşə təlimlərindən gözləntilərlə bağlı təqdimatla çıxış edib. Seminar zamanı Stefan Küpper Almaniya və Azərbaycan arasında biznes əməkdaşlığı imkanları, eləcə də BiWE tərəfindən Azərbaycanda özəl sektor üçün biləcək potensialın artırılması üçün təlim və inkişaf imkanları barədə də məlumat verib. Tədbir özəl sektor nümayəndələrinin çıxışları, sual-cavab sessiyası və yekun müzakirələrlə davam edib. Vorkşop Azərbaycan və Almaniya arasında bilik mübadiləsinin genişləndirilməsi, bacarıqların inkişafı və özəl sektorla əməkdaşlığın gücləndirilməsi baxımından əhəmiyyətli platforma olub.